26 aprel tarixində İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “Dördü bir arada: regionlarda startap və inkubasiya proqramı” layihəsi ilə əlaqədar infosessiya keçirildi.
Sessiya zamanı Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin direktoru dosent İsa Qasımov öz çıxışında proqram və onun məqsədləri haqqında məlumat verib, müasir biznes mənzərəsində innovasiya və kreativliyin vacibliyini vurğuladı. O, güclü komandanın qurulmasının, düzgün mentorların tapılmasının, digər sahibkarlar və investorlarla şəbəkə qurulmasının vacibliyi məsələsindən bəhs etdi.
Tədbirdə yeni biznesləri dəstəkləmək və inkişaf etdirmək üçün startap ekosisteminin əhəmiyyətinə toxunuldu və maliyyələşmə, mentorluq və məsləhət xidmətləri, şəbəkə imkanları və dəstəkləyici tənzimləmə mühiti kimi sağlam startap ekosisteminin müxtəlif komponentləri üzərində müzakirələr aparıldı və sahibkarları, investorları və ekosistemdəki digər maraqlı tərəfləri bir araya gətirən tədbir və proqramların dəyərindən danışıldı.
İnteraktiv müzakirə formatında keçirilən sessiya sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Qeyd edək ki, layihə Azərbaycan Respublikası İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin tərəfdaşlığı və Yenifikir MMC-nin təcrübəsi və əməkdaşlığı ilə həyata keçirilir.
Xatırladaq ki, təlim və mentorluq xidmətləri bootcamp proqramı ilə davam etdiriləcək, ərsəyə gətiriləcək startapların sərgi və demoday proqramında təqdim edilməsi planlaşdırılıb.