Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin nümayəndəsi – Nilüfər Rəhimova və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin nümayəndəsi – Fidan Nəcəfova Brüseldə təşkil olunan eTwinning layihəsi çərçivəsində təşkil olunan “TTI Workshop” tədbirində iştirak ediblər. Tədbirin nəticəsi olaraq, Azərbaycanda ilk dəfə 2019-cu ilin sentyabr ayından etibarən gələcəyin müəllimləri olacaq tələbələr beynəlxalq "eTwinning" layihəsinə qoşula biləcəklər.
eTwinning Avropa mərkəzi layihənin əhatə dairəsini genişləndirərək, müəllim olmağa hazırlaşan tələbələrin də portala cəlb olunması qərarını alıb. Gələcəyin müəllimləri olacaq tələbələrin layihəyə cəlb edilməsi ilə, müəllimliyin ilkin pillələrində olan tələbələrdə eTwinning-in təsirini artıraraq, layihədən yararlanmaq şansı artırılır. Bu təşəbbüs üzrə 26-30 may 2019-cu il tarixlərində Belçikanın Brussel şəhərində konfrans təşkil edilərək illik plan açıqlanmışdır. Azərbaycan bu plan üzrə 2019-cu ilin sentaybr ayında müəllim olmaq məqsədi ilə təhsil alan tələbələrin layihəyə cəlbinə pilot olaraq başlayacaqdır.
eTwinning Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsidir və pedaqoji işçilərə (məktəbəqədər, orta məktəb və ali təhsil sahəsində olan təhsil işçilərinə) ünsiyyət qurmaq, əməkdaşlıq etmək, layihələr yaratmaq, icra etmək və Avropada ən maraqlı öyrənmə icmasının bir hissəsi olmaq imkanı verir.
Azərbaycan 2013-cü ildən Avropa İttifaqının qonşuluq siyasətinə əsasən eTwinning Plus layihəsinə üzv olmuşdur. İştirakçı ölkələrdən olan müəllimlər layihənin portalından (www.etwinning.net) istifadə edərək, Avropa ölkəsindən olan həmkarları ilə birgə təhsil layihələri icra etmək imkanı əldə edirlər. Ən vacib məqamlardan biri isə odur ki, azərbaycanlı şagirdlər də avropalı həmyaşıdları ilə təcrübə və fikir mübadiləsi aparmaq, onların adət-ənənələri, həyat tərzləri, mədəniyyətləri ilə tanış olmaq fürsəti qazanırlar.