Təhsil Nazirliyinin sifarişi ilə Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi Tərəfindən 2018-ci ilin dekabr ayından etibarən respublika üzrə 4 min nəfər müəllim üçün informasiya texnologiyalarının təhsildə tətbiqi üzrə təlim və stajkeçmə xidmətləri təşkil olunub. İxtisasartırma xidmətləri bütün respublika üzrə 5 şəhər və 20 rayonda yerləşən 88 ümumi təhsil müəssisəsini əhatə edib.
Təlimlər İKT üzrə savadlılığın artırılması, tədris prosesində interaktiv texnologiyalar, elektron məzmun, layihə metodikası və müasir tədris strategiyalarıdan istifadə istiqamətləri üzrə keçirilib. Eyni zamanda, təlimlərdə iştirak etmiş şəxslər üçün İKT-nin tədrisdə tətbiqi üzrə stajkeçmə xidmətləri təşkil olunub.
Təhsil islahatlarının müvəffəqiyyətlə həyata keçirilməsində pedaqoji kadr hazırlığının keyfiyyətinin təmin edilməsi başlıca amildir. Müəllim nəzəri baxımdan məlumatlı olmaqla yanaşı, praktiki bacarığı ilə yeni təlim texnologiyalarından səmərəli istifadə etməyi bacarmalıdır.
Bu baxımdan, ixtisasartırma xidmətləri çərçivəsində müəllimlərdə bir sıra 21-ci əsr bacarıqlarının formalaşdırılmasına diqqət yetirilib. Belə ki, onlara müasir texnologiyaların tədrisdə rolu, təhsil fəaliyyətində müəllimin sosial ünsiyyət alətlərindən məqsədyönlü istifadəsi, Azərbaycan Təhsil Şəbəkəsindən istifadə imkanları, tədris üçün proqram təminatları və müəllimin peşəkar inkişafında professional virtual cəmiyyətlərin rolu haqqında təlimlər verilib. Eyni zamanda, onlar layihə portfoliosunun yaradılması, layihənin tədrisində formativ qiymətləndirilməsi, internet vasitəsi ilə layihə üzərində müştərək işin təşkili, differensiallaşdırılmış tədrisin planlaşdırılması kimi mövzular üzrə praktiki biliklərə yiyələniblər.
Təcrübə göstərir ki, ixtisasartırma xidmətlərində tədrisdə müasir mexanizmlərdən istifadə üzrə nəzəri və praktiki bacarıqlara yiyələnən müəllimlər dərslərini 21-ci əsrin tələblərinə uyğun və şagirdlərə maraqlı formada qura bilirlər. Bu isə öz növbəsində, tədris prosesini daha zəngin, səmərəli və rəngarəng edir.