Təlim üzrə mütəxəssisimiz Microsoft şirkəti tərəfindən Kanadanın Toronto şəhərində təşkil olunan “E2 Education Exchange” adlı tədbirdə Azərbaycanı təmsil etmişdir.
Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin təlim üzrə mütəxəssisi Xalid Çəndirli 2017-ci ilin 21-23 mart tarixlərində Microsoft şirkəti tərəfindən Kanadanın Toronto şəhərində təşkil olunan “E2 Education Exchange” adlı tədbirdə iştirak etmişdir.
Dünyanın 83 ölkəsindən 240 təhsil işçisinin iştirak etdiyi bu tədbirdə dünyanın təhsil işçiləri - innovativ müəllimlər, təlimçilər, təhsil menecerləri fərqli mövzularda təcrübə mübadiləsi həyata keçirmiş, Microsoft şirkətinin təcrübəli mütəxəssisləri tərəfindən aparılan müxtəlif təlimlərdə və seminarlarda iştirak etmişlər.
Tədbirin sonuncu günü hər bir ölkənin təqdim etdiyi layihələrin əks olunduğu təhsil sərgisi həyata keçirilmişdir. Təhsil sərgisində Azərbaycanı təmsil edən təlim üzrə mütəxəssisimiz ölkəmizin təhsil sistemində İKT-nin təhsilə tətbiqi ilə bağlı sərgi iştirakçılarına məlumat vermişdir.
Tədbir müddətində Microsoft şirkəti tərəfindən təhsil işçiləri üçün bir sıra yeni təhsil alətləri və yeni texnologiyalar təqdim olunmuşdur. Bunların arasında “Microbit” microkompüterlərdən təhsildə istifadə, “Minecraft” oyununun təhsil məqsədləri üçün istifadəsi, www.education.microsoft.com təhsil şəbəkəsində qeydiyyat, onlayn dərslərin yerləşdirilməsi, sertifikatların qazanılması, Office 365-in yeni imkanları, bütün MS Office proqramlarının əngəllilər üçün yaratdığı imkanlar, OneNote proqramının yeni imkanları, Skype in the Classroom (Mystery Skype) Office Mix öz yerini alır.
Tədbirdə iştirak edən mütəxəssisimiz bildirdi ki, artıq fəaliyyət göstərdiyi M. İbrahimov adına Biləsuvar Təhsil Kompleksində 7-ci sinif şagirdləri üçün İnformatika dərsində "Microbit" mikrokompüterinin kodlaşdırılması və istifadəsi ilə bağlı dərs keçmişdir. Azərbaycanda ilk təcrübə hesab olunan bu dərs şagirdlərin böyük marağına səbəb olmuşdur. Bu qurğudan informatikanın tədrisində istifadə olunması şagirdlərin kompüterdən yalnız istifadəçi yönümlü yanaşmasını dəyişdirəcək, onları alqoritmləşdirmə və proqramlaşdırma yönümlü yanaşmaya keçirəcəkdir. Qurğudan istifadə etdikdən sonra şagirdlər kodlaşdırmanın çox əyləncəli olduğunu bildirmişlər.
Mütəxəssisimizin fikrincə müasir dünya təhsilinin ən yaxşı təcrübələrinin istifadə və yeniliklərin Azərbaycanda tətbiq olunması bizim şagirdlərə daha keyfiyyətli və faydalı təhsil almaq, özünü reallaşdırmaq üçün şans verəcək, eyni zamanda dünya təhsilinə inteqrasiya prosesini surətləndirəcəkdir.
Qeyd edək ki, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin təlim üzrə mütəxəssisi tərəfindən yaxın günlərdə Microsoft şirkəti tərəfindən təqdim olunan yeni təhsil alətləri və yeni texnologiyalarla bağlı ödənişsiz seminar təşkil olunacaq. Səhifəmizi izləməyi unutmayın.
Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin Mətbuat Xidmət